Neft-Kimya Prosesləri İnstitutunun nümayəndə heyəti SABAH.city-ni ziyarət edib
"15 sentyabr 2026-cı il tarixində akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti SABAH.city innovasiya şəhərciyini ziyarət edib.
Səfər çərçivəsində qonaqlara SABAH.city-nin infrastrukturu, əsas fəaliyyət istiqamətləri və inkişaf perspektivləri barədə məlumat verilib. Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov şəhərciyin imkanları və burada formalaşdırılan innovasiya və tədqiqat ekosistemi haqqında ətraflı təqdimat edib.
Ziyarət zamanı nümayəndə heyəti Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılmış tədris və tədqiqat laboratoriyaları ilə də tanış olub. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqatların və tətbiqi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə Neft-Kimya Prosesləri İnstitutu, Yüksək Texnologiyalar Parkı və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən üçtərəfli əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə akademik Vaqif Abbasov, Nihat Məcidov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndəsi Əli Əlizadə iştirak ediblər.
Ziyarətin sonunda akademik Vaqif Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşərək elmi və peşəkar təcrübəsini bölüşüb, tövsiyələrini çatdırıb və tələbələrə yeni tədris ilində uğurlar arzulayıb."
Əlavə sualınız var?
Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq
Bizimlə əlaqə