SABAH.city

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib

Sentyabr 14, 2026Oxuma müddəti: 3 dəq
News CoverSABAH.city

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında yaradılmış “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib.

Dövlətimizin başçısına “SABAH.city” layihəsinin məqsədləri, yaradılmış infrastruktur, şəhərcikdə fəaliyyət göstərəcək ali təhsil müəssisələri, texnologiya şirkətləri və startaplar, eləcə də layihənin gələcək inkişaf istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, “SABAH.city” elm, təhsil, texnologiya, sahibkarlıq və investisiya ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirən yeni nəsil innovasiya platformasıdır. Layihənin əsas məqsədi universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, yüksək ixtisaslı insan kapitalının inkişafı, tətbiqi tədqiqatların və texnologiya transferinin təşviqi, startapların və texnologiya şirkətlərinin inkişafı üçün əlverişli mühitin formalaşdırılmasıdır.

Şəhərciyin birinci mərhələsi 4 hektar ərazini əhatə edir və ümumi tikili sahəsi 20 min kvadratmetr olan, bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarətdir. Kompleksdə ali təhsil müəssisələri üçün tədris və tədqiqat sahələri, startaplar üçün kovorkinq məkanları, texnologiya şirkətləri və digər tərəfdaşlar üçün ofislər, həmçinin 200 nəfərlik tədbir zalı yaradılıb.

Şəhərcikdə, eyni zamanda, 5 restoran, 2 kofeşop və 1 mağazadan ibarət ümumi istifadə infrastrukturu formalaşdırılıb. Açıq ərazidə idman meydançaları, abadlaşdırılmış istirahət zonaları, piyada və velosiped hərəkəti üçün müvafiq şərait, eləcə də parklanma sahələri yaradılıb.

“SABAH.city”nin birinci mərhələsi üzrə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı şəhərciyə cəlb edilib.

Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən şəhərcikdə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, robototexnika, kibertəhlükəsizlik, biotexnologiya, nanofizika, telekommunikasiya və digər tətbiqi elm istiqamətlərini əhatə edən 13 tədris, tədqiqat və inkişaf laboratoriyası yaradılıb. Yaşıl enerji istiqamətində əlavə 3 ixtisaslaşmış laboratoriyanın yaradılması da nəzərdə tutulur.

Bu elmi-tədqiqat infrastrukturu tələbə və tədqiqatçıların müasir texnologiyalar üzrə praktiki fəaliyyətə və tətbiqi tədqiqatlara cəlb edilməsinə, universitet–sənaye əməkdaşlığının genişləndirilməsinə, texnologiya transferinə və elmi nəticələrin kommersiyalaşdırılmasına xidmət edəcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətləri üzrə təhsil alan 1 500-dən çox tələbəsinin şəhərcikdə tədris və praktiki fəaliyyətə cəlb olunması planlaşdırılır. “SABAH.city”nin tam fəaliyyətə başlaması ilə şəhərcikdən gündəlik istifadə edənlərin sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.

“SABAH.city”də fəaliyyət göstərəcək texnologiya və innovasiya yönümlü rezidentlərin fəaliyyəti süni intellekt, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal transformasiya, müdafiə sənayesi üzrə tədqiqat və inkişaf, yaşıl enerji, təhsil texnologiyaları və digər yüksək texnologiyalı sahələri əhatə edəcək. Startapların inkişafı üçün inkubasiya, akselerasiya, vençur quruculuğu və digər dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Şəhərcik, həmçinin yerli və beynəlxalq innovasiya tədbirlərinin keçirilməsi üçün platforma rolunu oynayacaq. Sentyabrın 17–18-də burada SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Baku ID 2026” innovasiya festivalı keçiriləcək. Festival regionun startaplarını, investorlarını, texnologiya şirkətlərini və innovasiya ekosisteminin digər iştirakçılarını bir araya gətirəcək.

“SABAH.city” yalnız müasir infrastruktur və ofis məkanı deyil, bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya mühiti kimi formalaşdırılıb. Layihənin həyata keçirilməsi Azərbaycanın insan kapitalının, tətbiqi elmin, texnologiya sahibkarlığının və beynəlxalq innovasiya əlaqələrinin inkişafına, eləcə də ölkənin regional texnologiya mərkəzi kimi mövqeyinin gücləndirilməsinə xidmət edəcək.

Bu xəbəri paylaş

  • Twitter
  • Linkedin
  • Facebook

Əlavə sualınız var?

Bizimlə əlaqə saxlaya bilərsiniz. Sizə məsləhət verəcək və bütün suallarınızı cavablandıracağıq

Bizimlə əlaqə
Question Image